“Azərbaycanda ilk dəfə olaraq Bərdə şəhər bələdiyyəsində çalışan işçilərin vahid geyim forması tətbiq olunur. Qeyd edim ki, bələdiyyə iclasında etdiyim bu təklif üzvlərimiz tərəfindən dəstəkləndi. Yeni tətbiq olunan formanı qanuniləşdirməyimizlə bağlı bizə digər bələdiyyələrdən təkliflər gəlir” - bu fikirləri Belediyye.info saytına açıqlamasında Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov deyib. Bu vəzifəyə yeni seçildiyini deyən sədr bələdiyyənin xeyli sayda problemi olduğunu da diqqətə çatdırıb: “Cənab Prezidentin müvafiq qərarından sonra əmlak və torpaq vergisinin toplanması sistemində edilən dəyişikliklər işimizi xeyli asanlaşdırıb. Bizə, işlərimizi sahmana salmaq və yeni qaydalara riayət eləmək üçün hələ uzun müddət vaxt lazımdır.
Səlahiyyətlərimiz çatan qədər maliyyə imkanlarımızı artıra bilərik. Hazırda Bərdə rayonu üzrə əmlakın inventarlaşdırması gedir və məlumatların elektron bazası yaradılır.
Bələdiyyəmizin ərazisində 6 min təsərrüfat var və onun təxminən 40 faizi artıq inventarlaşıb. Vergi xidmət orqanı tərəfindən sonra yığımlar və başqa işlər aparılacaqdır. Düzdür, yığımlarımıza start vermişik.
Maraqlıdır ki, bu gün az sayda vətəndaşlarımız əmlak və torpaq vergisini özü sərbəst şəkildə gedib banka ödəyir.
Amma bələdiyyəyə əlavə maliyyə dəstəyini cəlb etməklə bağlı planlarımız var.
Bu gün açıq etiraf etməliyik ki, səlahiyyətlərimizdən tam istifadə edə bilmirik”.
Bələdiyyə sədri onu da vurğulayıb ki, Bərdə rayonu üzrə ancaq icarəyə verilmiş torpaqlar var. Onun sözlərinə görə, bu torpaqların üzərində əmlaklar var və onlardan torpaq və əmlak vergisi alınır: “Bərdə rayonu üzrə həm fərdi yaşayış evləri və obyektlərin üzrə hər kvadrat metrinə görə 20 qəpikdən, torpaq sahəsi üzrə isə 30 qəpikdən vergi hesablanır. əvvəllər vergilər nəqd yolla toplanırdısa, indi vətəndaş özü gedib bank vasitəsilə vergini bələdiyyənin hesabına köçürür. Burada çətinlik yaradan məqam ondan ibarətdir ki, vətəndaş bir çox hallarda öz istəyi ilə bu vergini ödəmək istəmir. Yəni, bu sahədə ciddi problemimiz var ”.
Sadiq Xəlilov qeyd edib ki, bələdiyyənin nəzdində hazırda 4 daimi komissiya fəaliyyət göstərir. Onun sözlərinə görə, bunlar büdcə, ekologiya və digər komissiyalardır: “Bu komissiyaları yeni yaratmışıq və protokollaşdırmışıq. Komissiyalarımız əvvəllər də olub, amma indi yenidən formalaşdırılıb və tərkibdə dəyişiklik olub.”
Bələdiyyə sədri onu da əlavə edib ki, özünüidarəetmə orqanının nüfuzunun artırılması üçün bir sıra rıçaqlar olmalıdır: “Vergini verməyən vətəndaş, sahibkar bilməlidir ki, bələdiyyənin əlində müəyyən səlahiyyət var və bu çərçivədə həmin vergini ala bilər. Düzdür, indiki halda məhkəməyə müraciət edib, vergini ala bilərik. Amma o qanunun elə bir tərəfləri var ki, hüquqşünaslar onu başqa istiqamətə, daha doğrusu bələdiyyənin xeyrinə olmayan istiqamətə yönləndə bilirlər. Məsələn, reklam vergiləri ilə bağlı problemlərimiz var. Bank binasının önündə adının yazılmasını reklam hesab etmir. Biz deyirik ki, “bank” yox, “kafe” yaz, niyə yazmırsan? Biz onları çətinliklə başa salırıq. Buna görə də 5 aydır əziyyət çəkirik.
Praktik fəaliyyətdə qanunvericilikdə ciddi boşluqlar olduğunu görürük. Ümumilikdə, bu və digər məsələlərlə bağlı təkliflərimizin sayı hər gün artır. Bu məsələlərlə bağlı təkliflərimiz olsa da, bələdiyyənin yeni tərkibdəki fəaliyyətinin bir ilində, bütün təkliflərimizi toplayıb birgə müvafiq qurumlara təqdim edəcəyik.
Bələdiyyələrin güclənməsi üçün bu orqanların əlində konkret xəritələr olmalıdır ki, ərazisinin sərhədlərinin haradan başlayıb harada bitdiyini bilsin. Elə ərazilərimiz var ki, əmlak Məsələləri üzrə Dövlət Komitəsi ona məxsus olduğunu deyir, biz isə əksinə. Ona görə də bəzən mübahisələr yaranır. əgər bu torpaqlar bizdə olsa, oradan gəlir əldə edib, bələdiyyə və müraciət edən vətəndaşlar üçün xeyli səmərəli işlər görə bilərik”.
Bəxtiyar Məmmədli